Tuesday 16 December 2008

Biz də varıq !!


10 Dekabr, 1948-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı tərəfindən İnsan Hüquqları haqqında deklarasiya qəbul olundu. Bu hüquqi sənəd kişi ilə qadın bərabərliyini özündə əks etdirir. Gender bərabərliyi haqqında, həmçinin qadınların fəaliyyətini aktivləşdirmək və onların inkişafına nail olmaq üçün yüzlərlə hüquqi- normativ sənədlər qəbul olunmuşdur. Bunlara baxmayaraq müxtəlif toplumların gender bərabərliyi sahəsində özünəməxsus problemləri hələ də qalmaqdadır. Beynəlxalq dünyaya inteqrasiya edən, Şərq və Qərb mədəniyyətini özündə əks etdirən Azərbaycanda da gender sahəsində mövcud problemlər isə özünü daha qabarıq göstərməkdədir.


Qadınlara qarşı zorakılıq fundamental insan hüquqlarının pozulmasına gətirib çıxardan və ictimai həyatda qadınların tam və bərabər hüquqlu iştirakını məhdudlaşdıran qlobal bir problemdir. Qadınlar zorakılığın hər növünün qurbanlarıdırlar.

“Qadınlara qarşı zorakılıq insan hüquqlarının pozulması hallarından bəlkə də ən biabırçı olan formasıdır. Və bəlkə də insan hüquqlarının ən çox yayılmış pozuntusudur. Bunun heç bir coğrafi sərhədləri, mədəniyyət və yaxud var-dövlət hüdudları mövcud deyildir. Bu zorakılıq köklü surətdə aradan qaldırılmayınca, biz dünyada bərabərliyin, inkişafın və sülhün bərqərar olması istiqamətində real müvəffəqiyyət qazanmağımız barədə heç bir şey danışa bilmərik.” – Kofi Annan, BMT-in Baş Katibi

Etiraf etmək lazımdır ki, bugün xanımlarımızın ictimai sektorda təmsil olunma dərəcəsi, qərarqəbul edilməsində iştirakı faiz etibarı ilə çox azdır. Bunun bir çox səbəbləri var. Misal üçün kişilərin qadınların uğurlarına süni əngəl törətmələri, qısqanclıq, paxıllıq kimi lazımsız kefiyyətləri göstərmək olar. Görünür bu ona görədir ki, kişilərimiz qadınların rəhbərliyi altında işləməyi özlərinə dərd hesab edirlər. Bundan əlavə, qadınlar gündəlik həyatlarında daima mənəvi-psixioloji, fiziki təzyiqlərə məruz qalırlar.

Qadınlara qarşı qoyulan ayrı seçkiliklər onların inkişafına maneədir. Bugün təəssüf ki, cəmiyyətimizdə xanımlarımıza düzgün qiymət verilmir. Nümunə olaraq, sadə bir misal göstərmək istəyirəm: bəzi xanımlarımız uzun geyimlərinə görə “geridə qalmış”, ya da qısa geyimlərinə görə “müasir” kimi qiymətləndirilirlər. Nəticədə yüzlərlə xanımlarımız bu cür səhv yanaşmanın obyektinə çevrilmiş olurlar. İlk anda sadə görünən, amma əslində bu cür təhqirolunan nə qədər xanım stress və əsəb gərginliyi yaşamış olur. Və ya daha ağır və fəciəli bir nümunə: 12 il dörd divar arasında yaşamış, evdən kənara çıxmağa icazəsi olmayan, narkaman əri tərəfindən yaşadığı müddətcə hər gün döyülən-söyülən, ən ağır işgəncələrə məruz qalan 3 uşaq anası və axırı 4 saylı həbsxana....İşgəncələrə dözməyən və cinayətkara çevrilən qadın obrazı..... O qadın obrazı ki, həbsxananı əvvəlki acılı-iztirablı həyatından üstün tutur....
Sadəsindən tutmuş ağır vəziyyətlərə qədər gündəlik həyatımızda bu cür onlarla-minlərlə nümunələr göstərmək olar.

Bugün cəmiyyətimizdə özlərini “centelmen” kimi aparan, eslində isə xanımları daim özlərindən asılı vəziyyətə salmaqda maraqlı olan, onlara daima yüngül, orta və ağır səviyyəli zorakılıq edən kişilərimiz mövcuddur. Hər gün yüzlərlə qadın yalan və saxtakarlıqların qurbanlarına çevrilirlər.
Belə bir vəziyyətdə M.C.Ruminin “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol!!” kəlamını xatırlamaq lap yerinə düşmüş olur.

Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, cəmiyyətimizdə “Mən müasirəm”, “Mən kişiyəm” devizi altında xanımlara qarşı etikadan kənar münasibətlər göstərməklə, əslində özlərinin əxlaqsız hərəkətlərinə bəraət qazandıran xəstə təfəkkürə malik kişilərimiz hələ də qalmaqdadır. Bu dəqiqə bizim cəmiyyətimizdə insan hüquqlarını, dəyərləri, adət-ənənələri, etik qaydaları bir-birinə qarışdıraraq özlərinə haqq qazandırmağa çalışanların sayı durmadan artır. Gənc nəslin nümayəndələri arasında bu artım vüsətlə davam edir. Ancaq bu amillərin hər birinin dərinliyinə vardıqda heç bir halda qadınlara zorakılıq tətbiq etməyə haqq qazandırılmır. Misal üçün şit zarafatlar, sözatmalar, ədəbsiz hərəkətlər, üstüörtülü eyhamlar, yersiz toxunmalar, hərəkətlərin məhdudlaşdırılması, çimdikləmək, itələmək, hədələmək, qorxutmaq və digər hərəkətlər qadınlara qarşı tətbiq olunan zorakılığın yüngül və orta səviyyəli elementləridir. Gündəlik məişət həyatında rastlaşdığımız bu hərəkətlər heç bir halda nə müasirliyin, nə də kişiliyin rəmzi deyil və ola da bilməz. Ona görə hesab edirəm ki, cəmiyyətimizdə etika-mədəniyyət üzrə maarifləndirilməyə çox böyük ehtiyac var. Bu maarifləndirmə 1 həftəlik təlim və ya seminarlarla yekunlaşa bilməz. Bu maarifləndirmə aksiyasında kişiləri də cəlb etməklə hamı birlikdə iştirak etməli, bir-birimizi başa salmalı, öyrətməliyik. Maarifləndirmə hər birimizdən başlamalıdır.

Artıq maskalardan azad olmaq vaxtı gəlib çatmışdır!! Haydı xanımlar, haqlarınız və hüquqlarınız uğrunda cəsarətlə mübarizə aparın və bir addım belə geri çəkilməyin. Allah sizi yaratmış və Sizə seçim hüququ vermişdir. Seçiminizdə heç bir çətinlikdən və hədələrdən qorxub geri çəkilməyin.
Wilhelm Gumboltun belə bir kəlamı var: “Xalqların mənəviyyatı onların qadınlara olan münasibətindən asılıdır.” Xanımlara olan münasibətləri yaxşılaşdıraq ki, mənəviyyatı güclü olan cəmiyyət yarada bilək.

Əziz xanımlar və cənablar, cəmiyyətin diqqətini qadınlara qarşı zorakılığa cəlb etmək üçün Sizləri

“Danışın Qızlar!” (Speak-Out Girls!) kompaniyasına
qoşulmağa dəvət edirik.

Kompaniya çərçivəsində Bakıdan Şirvan şəhərinə ralli təşkil etmək planlaşdırılır. Kompaniya “Kvinna Till Kvinna” İsveç Qadın Fondu, Avropa Gənclər Fondunun dəstəyi ilə "YUVA" Humanitar Mərkəzi tərəfindən keçirilir. Bu aksiyanın strateji partnyorları Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsidir.

Rallidə iştirak etmək istəyən şəxslər office@yuvacenter.org mail adresi ilə, və ya tel: +994 12 4972129, 4970801, Mob: (050) 313 16 18 əlaqə saxlamaları xahiş olunur.


Qadınlarımızın inkişafına dəstək verən kişilərimizə əvvəlcədən minnətdarlığımızı bildirir və öz uğurlu təcrübələrini digər bütün katerqoriyadan olan kişilər arasında (istər gənc olsun, istər daha yaşlı nəslin nümayəndələri) paylaşaraq uğurlu gələcəyimizin qurulmasına töhfə verməyə çağırırıq!

No comments:

Post a Comment